KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğlu həbs olundu
Bakı, 21 fevral, AZƏRTAC
KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğlu, Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun sabiq komandanı Qriqori Xaçaturov çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.
AZƏRTAC xəbər verir ki, Ermənistan Baş prokurorluğunun məlumatına görə, Qriqori Xaçaturov Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinin qanunsuz yolla əldə edilən daşınmaz əmlakın qanuniləşdirilməsi və külli miqdarda çirkli pulların yuyulması üzrə təhqiqatı çərçivəsində saxlanılıb.
Bir müddət öncə, Ermənistan parlamenti ölkənin ən böyük müxalif qüvvəsi - “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edib və ona qarşı cinayət işi açılıb. O, hərbi hissələrə aid torpaq sahələrinin qanunsuz satılmasında ittiham olunur. İttihama görə, həmin torpaq sahələrindən biri Qriqori Xaçaturova satılıb.
2021-ci ilin aprelində İrəvan məhkəməsi KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovu və sabiq müdafiə naziri Seyran Ohanyanı 2008-ci il martın 1-də baş verən hadisələr zamanı konstitusiya quruluşunu dəyişməyə cəhd işi üzrə təqsirsiz bilib. O zaman hüquq-mühafizə orqanları ilə prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər arasındakı toqquşmalarda on nəfər həlak olmuş, 250-dən çox insan isə yaralanmışdı.