KÜRDƏMİRDƏ YENİ QAZ KƏMƏRLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Kürdəmir şəhərinin cənub məhəlləsində, habelə rayonun ən böyük yaşayış məntəqələrindən sayılan Yenikənd kəndində yeni qaz kəmərləri istifadəyə verilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyi bir vaxtda təbii qazın verilişi minlərlə sakinə ikiqat bayram sevinci bəxş etmişdir.
Cənub məhəlləsi Kürdəmir şəhərinin qərb hissəsində salınmış yeni yaşayış massividir. Burada 500-dək ev vardır. Uzun illərdən bəri mavi yanacağa həsrət qalan sakinlər rayon icra hakimiyyətinin təşəbbüsü və “Azəriqaz” QSC-nin dəstəyi ilə artıq öz istəklərinə nail olmuşlar. Burada görülən işlərə 400 min manatadək vəsait sərf olunmuşdur. 650 təsərrüfatı və 3100 nəfərdən çox əhalisi olan Yenikənd kəndində isə 20 illik fasilədən sonra əhaliyə təbii qazın verilişi bərpa olunmuşdur.
Yeni qaz kəmərlərinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Şahbazov bütün bunlar barədə ətraflı məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov öz çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət sosial siyasətinin uğurlu nəticələrindən, ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən irihəcmli tikinti-quruculuq və abadlıq işlərindən, əhalinin həyat səviyyəsinin, maddi rifah halının yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən danışmışdır. Son vaxtlar rayonun 14 kəndinə təbii qazın verilişinin bərpa olunduğunu diqqətə çatdıran icra hakimiyyətinin başçısı bu istiqamətdə tədbirlərin davam etdirildiyini söyləmişdir.
Mərasimdə çıxış edən rayon sakinləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, ölkəmizdə, o cümlədən Kürdəmirdə gedən müsbət dəyişikliklərə, insanların güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi bundan sonra da daim dəstəkləyəcəklərini, onun ətrafında sıx birləşəcəklərini söyləmişlər. İlham Əliyev bizim alternativsiz, əvəzolunmaz Prezidentimizdir. Qarşıdakı seçkilərdə hamımız bir nəfər kimi onu dəstəkləyəcəyik, - deyən çıxışçılar ölkə başçısının yürütdüyü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini bildirmişlər.
Kürdəmirin cənub məhəlləsində, habelə Yenikənddə keçirilən mərasimlərdə “Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov çıxış etmişdir. Natiq 1993-cü ildən etibarən ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən neft-qaz strategiyasının artıq uğurlu nəticələr verdiyini diqqətə çatdırmışdır. Ə.Məlikov demişdir ki, bu gün Azərbaycan özü qaz ixrac edən ölkəyə çevrilmişdir. 2006-cı ildə Rusiyadan 4,5 milyard kubmetr qaz idxal edən ölkəmiz, artıq Rusiyanın özünə Dağıstan istiqamətində qaz ixracına hazırdır.
Bütün bunları Azərbaycanın böyük uğuru kimi səciyyələndirən natiq, yanacaq-energetika sahəsində həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrin reallaşdırılmasının ölkəmizin dünyada nüfuzunun artmasına müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.
Sonda Ə.Məlikov sakinləri təbrik etmiş, onlara təhlükəsiz həyat, rahatlıq və xoş güzəran arzulamışdır.