Küveyt dövlətinin səfiri Qəbələnin emal müəssisələri və turizm məkanları ilə tanış olub
Qəbələ, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Qəbələ rayonunda olub. Səfər çərçivəsində küveytli diplomat rayon rəhbərliyi ilə görüşüb, istehsal və emal müəssisələri ilə tanış olub, turizm məkanlarına baş çəkib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Rayon rəhbərliyi ilə keçirilən görüş zamanı səfirə Qəbələnin tarixi, iqtisadiyyatı, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Qəbələyə səfər çərçivəsində Küveytin ölkəmizdəki səfiri Heydər Əliyev Konqres Mərkəzində olub, regional “ASAN xidmət” Mərkəzinin fəaliyyəti ilə maraqlanıb. “Gilan Qida Şəhərciyi” ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin qazlı və qazsız su, sərinləşdirici içkilər istehsal olunur. Məhsullar dünyanın bir çox ölkələrinə ixrac edilir.
Səfər çərçivəsində küveytli diplomat “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə də baş çəkib. Səfirin diqqətinə çatdırılıb ki, kompleks bölgənin ən çox turist qəbul edən obyektidir və gün ərzində 3 min nəfərə xidmət göstərə bilər. Burada 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir.
Küveytin ölkəmizdəki səfiri Qəbələdən xoş təəssüratlarla ayrılıb.