KÜVEYT ƏMİRİ VƏFAT ETMİŞDİR
Şeyx Cabir əl-Əhməd əs-Sabah Fars körfəzində yerləşən bu kiçik ərəb ölkəsinin əl-Aneyzi sülaləsi tərəfindən idarə edilməsinin 245 illik tarixi ərzində 13-cü hökmdarı idi.
Şeyx Cabir 1928-ci ildə doğulmuş, ibtidai təhsilini Mübarəkiyə, Əhmədiyə və Şərqiyə məktəblərində almışdır. Xüsusi müəllimlər gələcək əmirə ərəb və ingilis dillərini öyrətmişdilər. Atası - Küveyt Əmiri şeyx Əhməd əl-Cabir əs-Sabah oğluna müxtəlif ölkələrə səfərlərə çıxmağa icazə vermiş və o, artıq 21 yaşında olarkən siyasətə cəlb edilmişdir.
1949-cu ildə gənc şeyx Cabir Əl-Əhmədi bölgəsinin ictimai təhlükəsizlik xidmətinin baş direktoru təyin edilmiş, 1959-cu ildə ölkənin maliyyə departamentinin başçısı, 1962-ci ilin yanvarında isə müstəqil Küveytin ilk maliyyə və iqtisadiyyat naziri olmuşdur. Sonralar o, hökumətdə mühüm vəzifələrdə çalışmış, 1965-ci ilin noyabrında Baş nazir olmuşdur. 1966-cı ilin mayında Əmirin fərmanı ilə şeyx Cabir vəliəhd şahzadə təyin edilmişdir. 1967-ci ilin fevralında parlament bu fərmanı təsdiqləmişdir.
Şeyx Cabir 1977-ci il dekabrın 31-də Küveyt Əmiri olmuş və ölkəni bu günədək idarə etmişdir.
Küveytdə şeyx Cabir əl-Əhməd əs-Sabahı ürəkdən sevirdilər, çünki təxminən 30 illik hakimiyyəti ərzində o, vaxtilə yoxsul bir diyar olmuş ölkəni Yaxın Şərqdə çiçəklənən dövlətə çevirmişdir.