DÜNYA
KXDR Koreya Respublikası ilə müharibə vəziyyətinə qədəm qoymuşdur
Bakı, 30 mart (AZƏRTAC). Koreya yarımadasında “nə müharibə, nə də sülh” vəziyyətinə son qoyulmuşdur. Bu barədə məlumat Koreya Xalq Demokratik Respublikası (KXDR) hökumətinin, Koreya Əmək Partiyasının və KXDR-in ictimai qurumlarının martın 30-da açıqlamış birgə bəyanatında yer almışdır.
Sənəddə deyilir: “Cənubi Koreya ilə münasibətlər bu andan müharibə vəziyyətinə keçir”. KXDR iki Koreya arasında münasibətlərlə bağlı bütün problemləri “müharibə dövrünün qanunlarına əsasən” özü həll edəcəkdir.
Bir gün əvvəl Şimali Koreyanın STAK agentliyi məlumat yaymışdı ki, KXDR lideri Kim Çen In “Düşmən tərəfindən təxribat olacağı təqdirdə raket qoşunlarının ABŞ-ın kontinental hissəsində, Quam, Havay adaları, habelə Cənubi Koreyada yerləşən hərbi bazalara zərbə endirməsinə texniki hazırlığının qəti planını” ali baş komandan kimi imzalamışdır.
Bu addım ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-2 strateji bombardmançı təyyarəsinin aprelin 30-dək keçiriləcək “Foul iql” manevrləri çərçivəsində martın 28-də Koreya Respublikası ərazisindəki poliqonlara təlim zərbələri endirməsinə cavab olaraq atılmışdır. Daha əvvəl, elə mart ayında “Key Resolve” ABŞ-Koreya Respublikası birgə təlimləri keçirilmişdir.