Lənkəran Dövlət Dram Teatrında “İlan Sultan” tamaşasının onlayn nümayişi olacaq
Lənkəran, 8 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 9-da Lənkəran Dövlət Dram Teatrı sosial şəbəkələr üzərindən iranlı dramaturq Bəhram Beyzayinin “İlan Sultan” tamaşasını onlayn nümayiş etdirəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev məlumat verib.
Bildirilib ki, iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edən bu səhnə əsərinin quruluşunu iranlı rejissor Xeyrullah Təğiyanipur verib.
Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.
Əsas rolları Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Səyad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov və digərləri ifa edirlər.
Lənkəran Dövlət Dram Teatrının truppası "İlan Sultan" tamaşası ilə 2016-cı ilin yanvar ayında İranda keçirilən XXXIV beynəlxalq Fəcr teatr festivalında iştirak edərək, bu nüfuzlu sənət yarışmasının mükafatına layiq görülüb.