Lənkəranda kinkan bağından maraqlı görüntülər
Lənkəran, 8 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Sitrus meyvəsi olan kinkan Lənkəranda əsasən həyətyanı təsərrüfatlarda becərilir. Lakin üç il əvvəl dağlıq kənd olan Tükəvilədə salınan 10 hektarlıq bağ da məhsuldarlığı ilə diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, ötən il 17 ton meyvə yığılan bağdan bu il 2-3 dəfə çox məhsul gözlənilir. Təsərrüfat rəhbəri Ehtiram Hacıyev deyir ki, iki həftə əvvəl bağdan 10 ton məhsul dərib. Hazırda da yığım gedir. Məhsul satış üçün əsasən daxili bazara, paytaxta göndərilir. Gələcəkdə Rusiya bazarlarına da çıxarılması planlaşdırılır.
Müasir suvarma sisteminin tətbiq olunduğu bağda ağaclara qulluq, əsasən, təbii üsullarla aparılır.
İndi 7-8 kiloqram bar verən bir ağacdan tam məhsula düşəndə 20-30 kiloqram meyvə götürmək olacaq. Kinkanı dərib uzun müddət saxlamağa ehtiyac yoxdur. Çünki ildə 3 dəfə çiçək açır, yığım noyabr ayının ortalarından başlayaraq, may-iyun ayınadək davam edir. Ağaclar qışda şaxtadan qorunmaq üçün bezlə örtülməlidir.
Kinkan meyvəsinin faydaları saymaqla bitmir. Vitamin “C” ilə zəngin olan meyvənin tərkibində demək olar, bütün mikroelementlər var.
Lənkəranda həyətyanı təsərrüfatlarla birgə, ümumilikdə, 15 hektar kinkan bağı var. Ötən mövsüm 18 ton məhsul toplanan bağlardan builki məhsuldarlığın daha çox olacağı gözlənilir.