REGİONLAR
Lənkəranda Şəhidlər Xatirə Abidə-Kompleksi ziyarət edilib
![](/files/galleryphoto/2023/3/1200x630/16994439025640544684_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994439022592120221_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994439023045951244_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699443902146291173_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994439022942765269_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699443902355499530_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699443902442611680_1200x630.jpg)
Lənkəran, 8 noyabr, AZƏRTAC
8 Noyabr xalqımızın və dövlətimizin tarixində şanlı və şərəfli gündür. 44 günlük Vətən müharibəsində qalib gələn xalqımız bu günü qürurla və fəxarətlə qeyd edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər Xatirə Abidə-Kompleksini və xiyabanda dəfn olunmuş şəhidlərin məzarını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anıblar.
Şəhər rəhbərliyi şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri ilə görüşdə onları Zəfər Günü münasibəti ilə təbrik edib, dövlətimizin gündən-günə qüdrətləndiyini, xalqımızın hər zaman qələbəyə layiq olduğunu vurğulayıb.
Şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri qazanılan Zəfərə görə şəhidlərimizə, ordumuza minnətdar olduqlarını və “Dəmir yumruq” sayəsində əzəli və əbədi torpaqlarımıza yenidən qayıtdığımızı vurğulayıblar. Şəhid ailələri dövlətin hər zaman onların yanında olduqlarını bildirib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra tədbir iştirakçıları Qala Xiyabanı küçəsində Zəfər Gününə həsr olunan rəsm sərgisinə baxıblar.
Daha sonra Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” adlı tamaşa nümayiş olunub. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük Zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.
Qeyd edək ki, Zəfər Günü ilə bağlı Lənkəranda gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə idman yarışları, müsabiqələr, sərgilər, fləşmoblar keçirilib. “Yaddaş saatı” aksiyası çərçivəsində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ziyarət olunub.