LİTVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDAS ADAMKUSA
80 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün yeni məzmun almış, həm ikitərəfli qaydada, həm də regionlararası mübadilə çərçivəsində və beynəlxalq səviyyədə faydalı əməkdaşlığımız üçün əlverişli zəmin yaranmışdır.
Bu ilin yayında ölkəmizə səfəriniz, Bakıda imzaladığımız sənədlər, apardığımız fikir mübadiləsi münasibətlərimizin inkişafına yeni təkan vermiş, əməkdaşlığımızın perspektivləri üçün geniş meydan açmışdır. Əminəm ki, Azərbaycan-Litva münasibətlərinin hərtərəfli və dinamik inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Məmnunluqla qeyd etmək istərdim ki, Sizinlə görüşlərimizi və söhbətlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayır, münasibətlərimizdəki səmimiyyəti uca tuturam.
Belə bir əlamətdar gündə Sizə, cənab Prezident, ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir, dost Litva xalqının rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 oktyabr 2006-cı il.