LİVANIN YENİ PREZİDENTİ ORDU KOMANDANI MİŞEL SÜLEYMAN OLACAQ
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, bu gün Dohada Livanın hakim koalisiyası ilə müxalifət arasında daxili siyasi böhranın tənzimlənməsi haqqında saziş imzalanmışdır. Qətərin Baş naziri və xarici işlər naziri şeyx Haməd ben Casem əl-Tani bildirmişdir ki, həmin sənədə əsasən yaxın 24 saat ərzində Livan parlamentinin təcili iclasının çağırılması və hər iki düşərgəni qane edən kompromis fiqur olan Mişel Süleymanın ölkə prezidenti vəzifəsinə seçilməsi nəzərdə tutulur.
30 nazirin daxil olacağı Milli birlik hökuməti yaradılması və 1960-cı ildə qəbul edilmiş müvafiq qanun əsasında seçkilər haqqında yeni qanun qəbul olunması barədə razılıq əldə edilmişdir. Bundan əlavə, tərəflər öz siyasi məqsədlərinə nail olmaq üçün silahdan istifadə etməmək, Livanın suverenliyinə hörmətlə yanaşmaq barədə razılığa gəlmişlər.
Ərəb Dövlətləri Liqasının (ƏDL) məsələyə fəal müdaxiləsindən sonra ötən cümə günü Qətərdə Livanın qarşıdurma vəziyyətində olan fraksiyaları arasında barışıq məqsədi ilə dialoq başlanmışdır. Danışıqlara başlamaq haqqında Liqanın vasitəçiliyi ilə bağlanmış müqavilə bir-birinə düşmən düşərgələrin hər ikisi tərəfindən bəyənilmişdir. ƏDL yanında yaradılmış Xüsusi Komitəyə Əlcəzair, Cibuti, İordaniya, Yəmən, Qətər, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Omanın XİN başçıları daxil olmuşdur.
Livanın hakim koalisiyası və müxalifət alyansı keçən il noyabrın axırlarından bəri yeni dövlət başçısı seçkiləri barədə razılığa gələ bilmirdilər.
Ali dövlət vəzifəsinə namizədlə bağlı səsvermə artıq 19 dəfə başqa vaxta keçirilmişdir. Fuad əs-Sinyoranın başçılıq etdiyi nazirlər kabinetini qanuni hesab etməyən müxalifətin boykotu səbəbindən parlament faktiki olaraq fəaliyyət göstərmirdi.