Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ənənəvi anma konserti keçirilmişdir
London, 27 fevral (AZƏRTAC). Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ənənəvi anma konserti olmuşdur.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak etmişlər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, iştirakçılar “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış köynəkləri nümayiş etdirmişlər.
Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Diplomat Xocalıda törədilmiş hadisələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirmişdir. “Xocalı həftəsi” çərçivəsində Britaniyada və dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdən bəhs edən səfir hadisəni dünya ictimaiyyətinə çatdırmağın önəmini vurğulamışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın elan etdiyi “Xocalıya ədalət!” beynəlxalq təbliğat və maarifləndirmə kampaniyasının fəaliyyəti haqqında da məlumat verən F.Qurbanov kampaniya çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir.
Britaniya parlamentinin Mühafizəkarlar Partiyasının üzvü Kristofer Pinçer Xocalı soyqırımının sıradan bir hadisə olmadığını bildirmişdir. Faciədə insanların anaları, ataları, bacı və qardaşları amansızlıqla qətlə yetirilmişdir. Azərbaycan dövlətinin, xalqının bu hadisəni unutmamağının və dünya ictimaiyyətini məlumatlandırmaq üçün göstərdiyi səylərin təqdirəlayiq olduğunu vurğulamışdır. Təşkil edilən konsert proqramının 22 il öncə Xocalıda nələr baş verdiyini bir daha xatırladacağını qeyd edən K.Pinçer bu cür hadisənin bir daha əsla baş verməməsini arzulamışdır.
Tədbir çərçivəsində Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Anma konsertində azərbaycanlı skripkaçılar Səbinə Rakçeyeva, Nəzrin Rəşidova və “FeMusa” ansamblının ifasında Fikrət Əmirovun, Giakomo Pukininin, Con Sebastiyan Baxın, Aqşin Əlizadənin və Ernest Blokun repertuarından Qərb və Azərbaycan klassik musiqiləri səsləndirilmişdir.
Pyer Silloyun Britaniya premyeralı “Xocalı 613” simfoniyası proqramda xüsusi yer tutmuşdur.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London