Los-Anceles sakinləri koronavirus testindən pulsuz keçə biləcək
Bakı, 30 aprel, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında yerləşən Los-Anceles şəhərinin bütün sakinləri simptomlardan asılı olmayaraq koronavirus testindən ödənişsiz keçə biləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhər meri Erik Harsetti özünün “Twitter” səhifəsində yazıb.
“Los-Anceles ABŞ-da bütün əhaliyə pulsuz koronavirus testi təklif edən ilk iri şəhərdir. Düzdür, üstünlük əvvəlki kimi simptomların müşahidə olunduğu şəxslərə verilsə də, xəstəlik əlamətləri olmayan şəhər sakinləri də testdən keçə biləcək”, - deyə Erik Harsetti bildirib.
Şəhər merinin sözlərinə görə, test ilkin qeydiyyat əsasında aparılacaq. Növbədə üstünlük yüksək temperatur, öskürək və nəfəs darlığından əziyyət çəkən, həmçinin iş xüsusiyyətləri ilə bağlı daim insanlarla təmasda olan şəxslərə veriləcək.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:20-yə olan məlumatına əsasən, dünyada 3 milyon 232 mindən çox yoluxma və 228 min 504 ölüm faktı qeydə alınıb, 1 milyon 7 min 865 nəfər COVID-19 xəstəliyindən sağalıb.
ABŞ-da indiyə qədər yeni koronavirusa yoluxanların sayı bir milyonu ötüb, 61 min 669 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Bu, dünya ölkələri üzrə ən yüksək göstəricilərdir.