Macar ekspert: Azərbaycan qlobal ərzaq böhranının qarşısının alınmasında əsas aktora çevrilə bilər
Bakı, 15 may, AZƏRTAC
Hörmüz boğazının bağlanması qlobal inflyasiyaya səbəb olacaq. Bu boğaz dünyanın əsas enerji və ticarət mərkəzlərindən biri olaraq qalacaq, habelə qlobal neft, mayeləşdirilmiş təbii qaz və gübrə daşımalarının əhəmiyyətli bir hissəsinin keçdiyi yer olacaq. Bu axınların pozulması yükdaşımalarının qiymətlərinin, sığorta haqlarının, yanacaq xərclərinin və labüd olaraq ərzaq qiymətlərinin tezliklə artması ilə nəticələnəcək. Belə bir vəziyyətdə Azərbaycan qlobal ərzaq böhranının qarşısının alınmasında əsas ölkəyə çevrilə bilər.
Bu fikri AZƏRTAC-a Macarıstandakı Ludovik Mərkəzi Avropa Dövlət İdarəçilik Universitetinin Türk Araşdırmaları Mərkəzinin baş məsləhətçisi və koordinatoru Devid Biro ifadə edib.
O vurğulayıb: “Avropada dayanıqlığı təmin etmək üçün marşrutların şaxələndirilməsi vacibdir. Bu kontekstdə Orta Dəhliz mühüm marşrutdur, çünki alternativlər təqdim edir. Bu isə, qlobal təchizat zəncirləri tərəfindən yüksək qiymətləndirilən cəhətdir. O, Hörmüz boğazından keçən dəniz yollarını əvəz edə bilməz və Şərq ilə Qərb arasında bütün ticarət həcmini də təmin edə bilməyəcək. Lakin, bu, siyasi cəhətdən həssas dəhlizlərdən asılılığı azaltmağa və əsas marşrutlar təzyiq altında qalarsa, müəyyən dərəcədə dayanıqlıq təmin etməyə kömək edə bilər”.
Macar ekspertin sözlərinə görə, Orta Dəhlizin Avropa üçün cəlbediciliyi təkcə yük axınlarının sürətində və ya qiymətində deyil, həm də dominant sistemdə qeyri-sabitlik yarandıqda, malların fasiləsiz axınının təmin edilməsindədir. O əlavə edib: “Ərzaq təhlükəsizliyi baxımından yanaşdıqda, bu dəhlizin əhəmiyyəti daha çox aydın olur. Ərzaq bazarlarının qiymətləri nəqliyyat xərclərinə, enerji qiymətlərinə, gübrələrin mövcudluğuna və dəniz nəqliyyatı ilə bağlı risklərə həssasdır.
Hörmüz böhranı idxal olunan zəruri mallar, heyvan yemi və qida məhsulları da daxil olmaqla, kənd təsərrüfatı-ərzaq zəncirində xammal və materialların qiymətlərinin artmasına səbəb olacaq”.
Devid Biro hesab edir ki, Avropanın onsuz da güclənən inamsızlıq üçün kifayət qədər səbəbi var: “Ukraynadakı müharibə və davamlı logistika pozuntuları vəziyyətə artıq təsir edib. Orta Dəhliz dar dəniz kanalları və ya boğazlarında hərəkət etmək baxımından lazım olan vaxtı azaltmaq və həddindən artıq həssas hala gələn təchizat zənciri üçün bufer rolunu oynaya bilər”.
Azərbaycanın Cənubi Qafqazda dəhlizin əsas mərkəzində yerləşdiyini, Xəzər bölgəsini Gürcüstan və Türkiyə ilə birləşdirdiyini və dəhliz boyunca əməliyyat davamlılığını təmin etdiyini vurğulayan macar ekspert qeyd edib ki, Orta Dəhliz limanların, dəmir yolu əlaqələrinin və gömrük rəsmiləşdirilməsinin problemsiz işləyəcəyi təqdirdə etibarlı bir logistika platformasına çevrilə bilər.
“Son zamanlar Azərbaycanın artan tranzit rolu barədə məlumatlar yayılıb. Ölkənizdəki infrastruktur dəhlizin tutumunu və etibarlılığını tədricən artırmağa başlayıb. Azərbaycan qlobal ərzaq böhranının qarşısının alınmasında əsas aktora çevrilə bilər, amma təkbaşına deyil. Həmçinin Qara dəniz, Süveyş kanalı və ya Hörmüz boğazının əvəzedicisi kimi də deyil. Bu, böhranın pisləşməsinin qarşısını almağa kömək edə biləcək sistemli dayanıqlılıq elementlərindən birinə çevrilə bilər. Dağıdıcı dövrlərdə Orta Dəhliz idxal, ticarət və yük axınının idarə olunması ilə məşğul olanlar üçün ənənəvi marşrutlara alternativ kimi də dəyərlidir. Böyük fövqəladə hallar zamanı ticarət axınlarının qismən yenidən yönləndirilməsi böhranın qarşısını almağa, qiymət artımlarını minimuma endirməyə və bazarların bərpası üçün vaxt verməyə kömək edə bilər. Dayanıqlılıq zərbələrin amortizasiyasında deyil, onların təsirini məhdudlaşdırmaqla bağlıdır”, - deyə Devid Biro fikirlərini yekunlaşdırıb.
Müxbir - Leyla Muradzadə