MACARISTANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 7-də Azərbaycanın Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə təntənəli qəbul keçirilmişdir.
Qəbul başlamazdan əvvəl azərbaycanlı diplomatlar və qonaqlar Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuşlar.
Səfir Həsən Həsənov tədbiri açaraq Azərbaycan xalqının böyük oğlunun həyat və fəaliyyətinin parlaq səhifələri, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin tərəqqqisi və millətin firavanlığı işinə onun çox böyük töhfəsi barədə danışmışdır. Səfir demişdir ki, Heydər Əliyev bütün qüvvəsini Vətəninin və xalqının rifahı naminə sərf edirdi. Buna görə də o, milli lider kimi daim xalqın yaddaşında yaşayacaqdır.
Səfir qeyd etdi ki, nadir şəxsiyyət, tanınmış dövlət xadimi və böyük siyasi xadim olan Heydər Əliyev bütün dünyada hörmət və nüfuz qazanmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınması üçün misilsiz töhfələr vermişdir.
H.Həsənov vurğulamışdır ki, bu gün Azərbaycanın ümummilli liderinin daxili və xarici siyasətini onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir.
Qəbulda Macarıstan XİN dövlət katibi Corc Gilyan, parlamentin deputatları, o cümlədən Macarıstan-Azərbaycan dostluğu parlament qrupunun rəhbəri Yanoş Xorvat, ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Avstraliya, İran, Misir, Pakistan və başqa ölkələrin Budapeştdə akkreditə edilmiş səfirləri, Vatikan duayeni, Macarıstan ictimaiyyətinin və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Qəbul zamanı qonaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış olmuşlar.
Macarıstan Milli Opera və Balet Teatrının solisti, gözəl soprano səsinə malik olan, bütün Avropada tanınmış macar müğənnisi İnqrid Kerteşi Tofiq Quliyevin əsərlərini Azərbaycan dilində gözəl ifa etməklə tədbirə xüsusi rövnəq vermişdir.
Bu ərəfədə ölkənin aparıcı “DUNA-TV” kanalı rejissor Vaqif Mustafayevin “Prezident Heydər Əliyev” adlı sənədli filmini macar dilində nümayiş etdirmişdir.
Səfirlik ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş press-reliz hazırlamış və onu 300-dən çox ünvana göndərmişdir.
Mayın 8-də səfir Həsən Həsənov və səfirliyin diplomatları Macarıstanın ən iri mədəniyyət mərkəzi olan Xarici Ədəbiyyat kitabxanasına gedəcək, ənənəyə görə təntənəli şəraitdə bu kitabxanaya kitablar təqdim edəcəklər. Həmin kitablar arasında zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyev haqqında nəşrlər də olacaqdır. Bu nəşrlər kitabxanada bizim səfirliyin təşəbbüsü ilə açılmış və bir neçə ildən bəri macarların böyük marağına səbəb olmuş Azərbaycan ədəbiyyatı bölməsini zənginləşdirəcəkdir.