Macarıstanda uşaq ölümü hallarının azalmasında böyük irəliləmə müşahidə olunur
Budapeşt, 30 aprel, AZƏRTAC
Macarıstanda uşaqlar arasında ölüm faizi Avropa Birliyi üzrə orta göstərici ilə müqayisədə aşağıdır.
AZƏRTAC xəbər verir ki, Macarıstan hökumət mənbələri bunu Eurostat statistika agentliyinin son məlumatlarına istinadla bəyan ediblər.
Bu göstərici üzrə Macarıstanın reytinqi hər min nəfər təzə doğulmuşa 3,3 ölüm təşkil edir. Bu, Avropa İttifaqı üzrə orta göstəricidən (hər min nəfər təzə doğulmuşa 3,4 ölüm) aşağıdır.
Hökumətdə həmçinin bildiriblər ki, bu göstəricilər son iyirmi ildə Macarıstanda tibb sahəsində vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına sübutdur.
Xatırladaq ki, hələ 1998-ci ildə təzə doğulmuşlar arasında ölüm göstəricisi hər min nəfərə 9,7 təşkil edirdi. O vaxt bu rəqəm Avropa İttifaqı üzrə (görə) orta göstəricidən (hər min nəfər yeni doğulmuşa 6,6 ölüm halı) xeyli yuxarı idi.
Avropa İttifaqı məkanında uşaq ölüm faizinin ən yüksək göstəriciləri Rumıniyada (hər min nəfər yeni doğulmuşa 6 ölüm), Bolqarıstanda (5,8 ölüm) və Maltada (5,6 ölüm) qeyd edilib.
Ən aşağı göstəricilər Estoniyada (hər min nəfər yeni doğulmuşa 1,6 ölüm), Sloveniyada (1,7) və İsveçdə (2) qeydə alınıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt