MACARISTANIN BİR SIRA KİV RƏHBƏRLƏRİNDƏN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR
Müdafiə Nazirliyində keçirilmiş görüşdə macarıstanlı jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmiş, müvafiq materiallar təqdim olunmuşdur.
Qonaqlar aprelin 5-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş insanların həyat şəraiti ilə yaxından tanış olmaq məqsədi ilə məcburi köçkünlərin Sabirabad və İmişli rayonlarında müvəqqəti məskunlaşdığı qaçqın düşərgələrinə getmişlər. Burada macar jurnalistlər məcburi köçkünlərlə görüşmüş, çadır şəhərciklərinin ümumi vəziyyəti ilə tanış olmuş, yeni salınmış qəsəbələrə baş çəkmişlər.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, səfər çərçivəsində macarıstanlı KİV rəhbərləri Azərbaycanın regionlarında həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının nəticələri ilə bağlı ətraflı məlumat toplamaq məqsədi ilə rayonlarda gedən abadlıq və quruculuq işləri, yeni açılmış müəssisələrlə tanış olacaqlar. Jurnalistlər rayon rəhbərliyinin nümayəndələri ilə də görüşəcəklər.
Aprelin 6-da macarıstanlı qonaqların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərində və Dövlət Neft Şirkətində də görüşləri nəzərdə tutulmuşdur.