Madeyra hava limanına Kriştiano Ronaldonun adı verilib
Bakı, 23 iyul, AZƏRTAC
Portuqaliyanın Madeyra şəhərinin hava limanına bu ölkənin futbol üzrə milli komandasının kapitanı Kriştiano Ronaldonun adı verilib.
AZƏRTAC “Ojogo” idman qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat Madeyra muxtar bölgəsinin hökuməti tərəfindən təsdiqlənib. Bildirilib ki, Ronaldo Madeyranın inzibatı şəhəri olan Funşalda anadan olduğu üçün belə bir addım atılıb.
Əslən madeyralı olan ulduz futbolçu ötən gün doğma şəhərinə səfər edərək Funşalda tikdirdiyi beşulduzlu otelin açılışına qatılıb.
Qeyd edək ki, adada Ronaldonun heykəli və onun adını daşıyan futbol muzeyi də var.