DÜNYA
Madriddə dünyada ən böyük ZARA mağazası açılıb VİDEO
Madrid, 9 aprel, AZƏRTAC
İspaniyada iri mağaza şəbəkələrinin sahibi olan Inditex şirkəti Madriddə ən müasir ZARA və Stradivarius mağazaları açılıb.
AZƏRTAC xəbər verir ki, dünyada ən böyük ZARA mağazasının açılış mərasimində Inditex şirkətinin sahibi Amansio Orteqanın qızı Marta Orteqa şirkətin prezidenti kimi təqdim edilib.
Bu iki mağazanın ümumi sahəsi 9.000 kvadratmetrə bərabərdir.
Dünyada ən böyük ZARA mağazası dörd mərtəbədən ibarətdir. Ən müasir konsepsiyanı təqdim edəcək bu mağaza onlayn alışların inteqrasiyası üçün qlobal etalon olacaq. Onlayn müştərilər aldıqları əşyaları daşımaq, paltarları geyinib baxma yerlərini bronlamaq funksiyalarından istifadə edə biləcəklər. Yeni “Pay&Go” funksiyası sayəsində müştərilər ZARA proqram əlavəsi vasitəsilə mağazada malları öz mobil telefonlarında skanlayaraq ala biləcəklər.
İnditex şirkətinin yeni mağazaları bu qrupun texnoloji cəhətdən təchiz olunmuş iri müəssisələr yaratmaq strategiyasının bir hissəsidir. Bu məqsədlə son innovasiyalardan, habelə ekoloji etibarlılıq sahəsində nailiyyətlərdən istifadə edilir.
İnditex bu il Qətərdə (Doha), Yaponiyada (Tokio), Portuqaliyada (Portu) və başqa ölkələrdə özünün yeni flaqman mağazalarının açılmasını planlaşdırır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid