MARNEULİDƏ AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, azərbaycanlıların Marneuli şəhərindəki mədəniyyət mərkəzində Azərbaycanın Milli Qurtuluş gününün 15 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri mərkəzin direktoru Fazil Həsənov açmışdır. Söz Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə xanım Paşayevaya verilmişdir. Qənirə xanım ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən, ölkənin səriştəsiz rəhbərlikdən xilas olduğunu vurğulamış, hazırda ölkənin götürdüyü siyasi kursun uğurlu nəticələrindən danışmışdır.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev ulu öndərin əvəzsiz xidmətlərindən söhbət açmışdır. “Qarapapaq” jurnalının redaktoru Akif Xansultanov, Qardabanidən Ziyadxan Məmmədov və başqaları Qurtuluş gününün Azərbaycan Respublikası kimi, Gürcüstan azərbaycanlıları üçün də əziz gün olduğunu vurğulamışlar. Burada, həmçinin “Azərbaycan ədəbiyyatı antalogiyası - Borçalı” kitabının təqdimat mərasimi də keçirilmişdir. Həmin gün rayonun azərbaycanlılar yaşayan Dəmyəgörarkı kəndində kompyuter mərkəzi açılmış, buraya Heydər Əliyev Fondundan hədiyyələr təqdim edilmişdir. Tədbirdə Qənirə Paşayeva və səfir Namiq Əliyev iştirak etmişlər.