Marneulidə “Xocalı soyqırımı və Qafqazda münaqişələr” mövzusunda konfrans keçirilmişdir
Marneuli, 26 fevral (AZƏRTAC). Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində “Xocalı soyqırımı və Qafqazda münaqişələr” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Gürcüstanın inkişafının kompleks problemlərinin araşdırılması mərkəzinin direktoru, professor Levan Metreveli Qafqazda mövcud olan münaqişələr, onların baş vermə səbəbləri, münaqişələrdə erməni amili və başqa məqamlar barədə ətraflı danışmışdır. Alimin çıxışı əsasən gənclərdən ibarət olan auditoriyanın böyük marağına səbəb olmuşdur.
Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Müstəqil Tələbələr Birliyinin prezidenti Nikoloz Metreveli, Azərbaycan Qan Donorları Assosiasiyasının rəhbəri Fuad Əsgərov və başqaları Qafqazda mövcud siyasi-iqtisadi durumla bağlı fikirlərini bildirmişlər.
“Mir” telekanalının rəhbəri, politoloq Badri Naçkebia “Terrorizm-regional sabitliyə təhlükə” mövzusunda seminar keçirmişdir. Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr gürcü həmkarları ilə birlikdə seminarda fəal iştirak etmişlər.
Sonda Xocalı soyqırımı ilə əlaqədar qanvermə aksiyası keçirilmiş, 50 nəfərədək könüllü bu aksiyada iştirak etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli