İDMAN
Marneulidə Zəfər Gününə həsr olunmuş cüdo turniri keçirilib
Tbilisi, 11 noyabr, AZƏRTAC
Gürcüstanın Marneuli şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər” adlı cüdo turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində” (GAİM) təşkil olunan turnirdə 12 çəki dərəcəsində 60 idmançı qələbə uğrunda mübarizə aparıb.
GAİM-in icraçı direktoru Murad Muradov açılış mərasimində bu əlamətdar günün əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıb.
Sonra Azərbaycan və Gürcüstanın Dövlət Himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirdə, GAİM, Arıxlı, Qızılhacılı, Araflı və Tamarisi cüdo klublarının idmançıları mübarizə aparıblar.
Hesabında 9 qızıl medal olan GAİM komandası birinci, 2 qızıl mükafat qazanan Arıxlı komandası ikinci yerə sahib çıxıb. Tamarisi komandası isə 1 qızıl medalla üçüncü pilləni tutub.
Sonda turnirin qaliblərinə və iştirakçılara xatirə hədiyyələri verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi