Masallı məktəbliləri narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər haqqında məlumatlandırılıblar
Bakı, 14 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Masallı Rayon İcra Hakimiyyəti ilə birgə 1 nömrəli tam orta məktəbdə “Narkotiksiz həyat” mövzusunda maarifləndirici tədbir keçirib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı iştirak edib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.