Masallı məktəbliləri “Oxu günü”nü böyük sevinclə qeyd ediblər
Masallı, 24 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 24-də Masallı şəhərindəki Heydər Əliyev parkında keçirilən tədbirdə məktəblilər “Oxu günü”nü böyük sevinclə qeyd ediblər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, təhsil şöbəsinin əməkdaşları, kitabxanaçılar, müəllim və şagirdlər, yazıçı və jurnalistlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə şagirdlər müxtəlif təqdimatlarla çıxış ediblər. Həmçinin dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, "Oxu günü"ndə rayonda müəllimlərin, məktəblilərin iştirakı ilə keçirilən tədbir kitaba bağlılığı daha da artıracaq. Rayon təhsil şöbəsi, lisey və məktəblər, ictimai təşkilatlar, ağsaqqallar və yazıçılar bu istiqamətdə şəhərdə və kəndlərdə vaxtaşırı müxtəlif kütləvi tədbirlər keçirirlər.
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova məktəblilərə kitab hədiyyə edib.
Sonda şagirdlərin, bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə musiqili ədəbi-bədii proqram təqdim olunub.