Masallıda əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Zəfər” satış sərgisi təşkil edilib
Bakı, 28 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Masallı şəhərində əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Zəfər” satış sərgisi təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən sərgidə 6 sənət növü (rəssamlıq, xalçaçılıq, dülgərlik və s.) üzrə 112 əl işi nümayiş olunub.
Əl işləri 20 nəfər əlilliyi olan şəxs tərəfindən hazırlanıb. Sərgidə xalçaçılıq və dülgərlik sənət nümunələri xüsusi maraqla qarşılanıb.
Sərginin açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Vüqar Əliyev və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) cənub regional mərkəzinin rəhbəri Ziya İsmayılov iştirak edib.
Sərgidə çıxış edən V.Əliyev əlilliyi olan şəxslərin əl işlərindən ibarət mütəmadi olaraq satış sərgilər təşkil edildiyini bildirərək qeyd edib ki, bu sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin yaradıcı potensialının cəmiyyətə tanıdılması və onların sosial inteqrasiyasına dəstək verilməsidir.