MASALLIDA HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş «Heydər Əliyev - tariximizi yaradan şəxsiyyət» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda məruzə və çıxışlar dinlənilmişdir. Natiqlər Azərbaycanın siyasi tarixinə qurucu və xilaskar kimi daxil olmuş, müstəqil Azərbaycan dövlətçiliyini formalaşdırmış və qoruyub saxlamış ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illəri milli dirçəliş dövrü kimi qiymətləndirmişlər. Onlar ömrünün 30 ildən çoxunu Azərbaycanın inkişafına, xalqımızın rifahının yüksəlməsinə, dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və daha da inkişaf edirilməsinə həsr etmiş böyük öndərin ideyalarının gələcək nəsillər üçün örnək olduğunu vurğulamışlar. Dahi şəxsiyyətin siyasi kursunun dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmış, bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkilərində Masallı seçicilərinin İlham Əliyevə səs verəcəklərinə inam ifadə olunmuşdur.