MATERATSSİ ZİDANIN BACISINI TƏHQİR EDİBMİŞ?
Həqiqəti öyrənmək istəyi əhvalatın baş verdiyi, yəni Zidanın kəllə ilə italyanı vurduğu elə o axşam başlanmışdır. 25 telekanalın FİFA üçün çəkdiyi videoyazılar ətraflı və diqqətlə nəzərdən keçirildi. Tələffüz olunmuş sözləri dodaqların hərəkəti əsasında oxumaq üçün hətta lal-karların dili üzrə mütəxəssislər cəlb edildi. Lakin videoyazılar qədərincə aydın deyildi, məsafə böyük idi. Ona görə də dialoqu dodaqların hərəkətinə əsasən oxumaq mümkün olmadı. Əvəzində bir şey aydındır: “İnter”in oyunçusunun təhqirlərində irqçilik mənasında bir şey yoxdur. Bunu belə halları diqqətlə izləyən fransızların müdafiəçisi Lilian Türam da təsdiqləmişdir.
Məlum olduğu kimi, FİFA-nın oyunçulara imzalatdırdığı sənədə əsasən, onlar təhqiramiz irqi ifadələr söyləməmək öhdəliyi götürmüşdülər. Odur ki, əks təqdirdə, Materatssinin işi fəna olardı.
Amma ananın və ya bacının (xüsusən də, bacının), həyat yoldaşının və ya uşaqların ünvanına söyüşlər barədə “ailə” versiyası, deyəsən, daha uyğun gəlir. Çünki Materatssi fitnəkardır, hərdən də olsa, təhqiramiz ifadələr işlədir. Bunu Trezege də təsdiqləyir. Bir vaxt “Siyena” klubunun müdafiəçisi Bruno Çirillonun da əsəbləri dözməmişdi, çünki Materatssi onu “yabı” adlandırmışdı. Nəticədə onlar görüşün sonunda əməlli-başlı əlbəyaxa olmuşdular. Dili başına bəla olan “İnter”li aprelin sonunadək oynamaq hüququndan məhrum edilmişdi. O, “Milan”-“İnter” görüşündə də zəhərli dilini işə salaraq, Şevçenkonun ünvanına təhqirlər yağdırmışdır. Ukraynalı dərhal yumruqları ilə onun cavabını vermişdir. Ümumiyyətlə, rəqiblər onun kobud oyunundan tez-tez şikayətlənirlər.