DÜNYA
Maya Sandu: Yeni parlamentdə etibar etdiyimiz şəxslərə diqqətli olmalıyıq
Kişineu, 11 iyul, AZƏRTAC
Bu gün vətəndaşların oğrulardan qurtula biləcəyi vacib bir gündür.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu fikri növbədənkənar parlament seçkilərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında Moldovanın Prezidenti Maya Sandu söyləyib.
Dövlət başçısı moldovalıları seçki məntəqələrinə gəlməyə və yaxın dörd ildə ölkəyə kimin rəhbərlik edəcəyinə qərar verməyə çağırıb.
“Bu seçki siyasətçilərin gücü ilə deyil, xalqın hakimiyyəti ilə bağlıdır. İnsanları özlərinə inanmağa təşviq etmək istəyirəm. Parlament ölkənin pulunu idarə edir, ona görə də etibar etdiyimiz şəxslərə diqqətli olmalıyıq. Növbəti deputatların hansı qanunlara səs verəcəyi seçimimizdən asılıdır”, - deyə Maya Sandu əlavə edib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:00-dan Moldovada növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi başlayıb. Səsvermədə seçicilərin aktivliyi müşahidə olunur.
Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir. Yerli rəy sorğularına görə, respondentlərin 33 faizi Moldova Prezidenti Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə sabiq prezident İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu