MAYDA BƏZİ BÖLGƏLƏRDƏ YAĞINTILARIN SƏVİYYƏSİ İQLİM NORMALARINDAN ARTIQ OLACAQ
Yağıntıların səviyyəsi normaya yaxın, bəzi bölgələrdə ondan artıq olacaqdır. Mayın birinci ongünlüyündə arabir yağış yağacaq, ikinci ongünlüyündə və üçüncü ongünlüyün əvvəllərində havalar qeyri-sabit keçəcəkdir. Sinoptiklər yağış yağacağını, şimşək çaxacağını, bəzi bölgələrdə leysan olacağını proqnozlaşdırırlar. Sürəkli cənub-qərb küləkləri şimal-qərb küləkləri ilə əvəzlənəcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +15-17 dərəcəyə çatacaq (gecə 10-12 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq, bəzi günlərdə +25-30 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normadan artıq (23-33 mm) olacaqdır.
Ayrı-ayrı günlərdə şimal və şimal-qərb küləkləri mümkündür.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu +15-17 dərəcəyə çatacaq (gecə 7-12 dərəcə isti, gündüz 18-22 dərəcə isti olacaq, ayın sonunda 25-28 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normadan artıq olacaqdır (33-62 mm).
Bəzi günlərdə şimşək çaxacağı, leysan yağacağı gözlənilir.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu +7-12 dərəcə (gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq, bəzi günlərdə 20-22 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normadan artıq (68-122 mm) olacaqdır.
Bəzi günlərdə leysan yağacağı, dolu düşəcəyi gözlənilir.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +15-18 dərəcə (gecə 10-13 dərəcə, gündüz 18-23 dərəcə, bəzi günlərdə 26-28 dərəcə isti), yağıntının səviyyəsi normadan artıq (43-53 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 12-16 dərəcə isti (gecə 7-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı, ayın axırında 24-26 dərəcəyə çatacağı), yağıntının səviyyəsinin normadan artıq (51-166 mm) olacağı gözlənilir.
Leysan yağacağı, dolu düşəcəyi gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +17-20 dərəcə (gecə +11-14 dərəcə, gündüz +21-25 dərəcə olacaq, ayrı-ayrı günlərdə +28-31 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (26-62 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +14-16 dərəcə (gecə +10-13, gündüz +18-23 dərəcə olacaq, bəzi günlərdə 26 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normadan artıq (40-72 mm) olacaqdır.