CƏMİYYƏT
MDB ekspertləri ərzaq təhlükəsizliyinin təmininin faktoru olan toxumçuluğun inkişafı perspektivlərini müzakirə ediblər
![MDB ekspertləri ərzaq təhlükəsizliyinin təmininin faktoru olan toxumçuluğun inkişafı perspektivlərini müzakirə ediblər](/files/2023/1/1200x630/16769922212871254756_1200x630.jpg)
Bakı, 21 fevral, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsində “MDB-də ərzaq təhlükəsizliyinin təmininin faktoru olan toxumçuluğun inkişafı” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, dəyirmi masada MDB iştirakçı dövlətlərinin profil nazirliklərinin nümayəndələri, həmçinin sözügedən sahəyə aid elmi və biznes icmalarının təmsilçiləri iştirak ediblər.
Diskussiyalar zamanı rəqabətqabiliyyətli və keyfiyyətli əkin materialının əldə edilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Seleksiya-toxumçuluq təşkilatları üçün ixtisaslı mütəxəssislərin hazırlanması məsələləri xüsusi diqqət mərkəzində olub. Tədbir iştirakçıları seleksiya və toxumçuluq sahələrində MDB iştirakçı dövlətlərinin normativ-hüquqi bazalarının yaxınlaşdırılması imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar.
Çıxış edənlər göstərilən sahə üzrə mövcud problemlərin həllində sıx koordinasiyanın zəruriliyi barədə ortaq rəylərini ifadə ediblər.
Dəyirmi masanın yekunlarına görə, iştirakçılar MDB regionunda yüksək reproduksiyalı toxumların tədarükü məsələlərinin operativ şəkildə həlli, bu sahədə kadrların staj keçməsi və əlavə hazırlığının təşkili, bölgələr üzrə sortlara dair ümumi informasiya sisteminin yaradılması, toxum materialının keyfiyyətinin sertifikatlaşması, həmçinin toxumçuluq sahəsində normativ-hüquqi bazaların yaxınlaşdırılmasına imkan verəcək ortaq seleksiya-toxumçuluq sisteminin qurulmasının zəruriliyi barədə razılığa gəliblər.