MDB ÖLKƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ QÜVVƏDƏN DÜŞMƏSİ TƏKLİF EDİLƏN SƏNƏDLƏRİN SİYAHISINI RAZILAŞDIRMIŞLAR
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin nümayəndələri qüvvədən düşməsi təklif edilən sənədlərin siyahısına dair layihələri razılaşdırmışlar.
Dövlət Başçıları Şurasının (DBŞ) 3 qərarının və Hökumət Başçıları Şurasının (HBŞ) 39 qərarının qüvvədən düşməsi nəzərdə tutulur. MDB məkanında reallaşdırılan əmtəələr, işlər və xidmətlər üçün hesablaşma zamanı əlavə dəyər vergisinin alınmasına, kiçik sahibkarlığın dəstəklənməsi üzrə dövlətlərarası proqrama və s. dair sənədlər sonunculara aiddir.
Məlumatda bildirilir ki, gələcəkdə DBŞ və HBŞ-in bəzi qərarlarının və çoxtərəfli müqavilələrin qüvvədən düşməsi haqqında sənədlərin layihələri müəyyən olunmuş qaydada baxılmaq üçün MDB dövlət və hökumət başçılarına təqdim ediləcəkdir.
Xatırladaq ki, MDB-nin müqavilə-hüquq bazasının inventarlaşdırılması məsələsinə dair ekspert qrupunun iclası mayın 13-14-də Minskdə keçirilmişdir.