MDU-da doktoranturaya və dissertanturaya yeni qəbul olan əməkdaşlarla görüş keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
2022/2023-cü tədris ilində Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov Azərbaycan Texniki Universitetində “Nəqliyyat sistemləri texnologiyası”, Humanitar fənlər kafedrasının müəllimlərindən Gülər Əjdərzadə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Vətən tarixi” ixtisası üzrə doktoranturaya, Şəlalə Quliyeva isə Gəncə Dövlət Universitetində “Siyasi nəzəriyyə” ixtisası üzrə dissertanturaya qəbul olublar. Universitetin rektoru Şahin Bayramov doktoranturaya yeni qəbul olan gənc əməkdaşlarla görüşüb.
MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə gəncləri əldə olunan nailiyyət münasibətilə təbrik edən Ş.Bayramov universitetdə yüksəkixtisaslı elmi kadrlara tələbatın böyük olduğu bir şəraitdə onların bu addımlarını təqdirəlayiq hal kimi dəyərləndirib. MDU-nun müasirləşməsində innovativ düşüncəli və yüksək intellektli gənclərin mühüm pay sahibi olacağına əminliyini ifadə edən rektor universitetin gənc akademik heyət üzvlərinə doktorantura təhsilində, elmi və pedaqoji fəaliyyətdə uğurlar arzulayıb.
MDU-da əməkdaşların hərtərəfli inkişafı üçün yaradılan imkanlardan məmnunluqlarını bildirən görüş iştirakçıları göstərilən diqqətə və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da gənc əməkdaşların yüksəkixtisaslı elmi kadr kimi yetişmələri üçün müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.