MDU-da növbəti seminar - İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti








Bakı, 9 may, AZƏRTAC
Mayın 7-də Mingəçevir Dövlət Universitetində (MDU) “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktik seminar keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı giriş sözü ilə açan MDU-nun prorektor əvəzi Veysəl Əyyubov, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olunmuş torpaqlarımızda ekoloji vəziyyətin tədqiq edilməsinin aktuallığını diqqətə çatdırıb.
Tarixi Zəfərdən sonra Qarabağın dirçəldilməsi, eləcə də ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli və irimiqyaslı tədbirlərdən bəhs edən V.Əyyubov nəzəri-praktik seminarın əhəmiyyətindən danışıb. O, universitetin akademik heyət üzvlərinin sözügedən mövzuda araşdırmalara böyük maraq göstərməsini yüksək qiymətləndirib və seminarın işinə uğurlar arzulayıb.
Seminarın moderatoru, MDU-nun “Fizika və ekologiya” kafedrasının baş müəllimi Qərib Abdullayev proqram haqqında məlumat verdikdən sonra məruzələr dinlənilib.
Universitetin Fizika və ekologiya kafedrasının əməkdaşlarından müəllim Gülmirə Məmmədova “Hərbi münaqişələrin ətraf mühitə təsiri”, baş müəllim Vüsalə Mustafayeva “Qarabağın torpaq bitki örtüyünün dünəni və bu günü”, müəllim Aytac Cavadova “Azərbaycan təbiətinə qarşı Ermənistanın ekoloji terroru”, dosent Pərvanə Səfərova “Minalanmış ərazilərin yaratdığı ekoloji problemlər”, müəllim Leyla Əhmədova “İşğaldan azad olunmuş ərazilərdə meşələrin ekologiyası” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Qarabağda yetişən nadir bitkilər, meşə landşaftı, məhv edilən Qarabağın füsunkar təbiəti, terrora məruz qalmış torpaqlarda flora və faunanın bərpası məsələlərindən bəhs edilib.
Böyük maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb olub və mövzularla bağlı verilən çoxsaylı suallar ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, MDU-da işğaldan azad edilmiş bölgələrimizin gələcək inkişafına həsr edilmiş elmi tədbirlərin təşkil edilməsinə xüsusi önəm verilir, bu istiqamətdə elmi-tədqiqatlara marağın artırılması və fəallığın daha da yüksəldilməsi məqsədilə zəruri imkanların yaradılması diqqət mərkəzində saxlanılır.