MDU-da “Qarabağ Azərbaycandır - Zəfərin sədası” adlı ədəbi-bədii tədbir keçirilib
Mingəçevir, 6 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Vətən müharibəsində əldə edilən Zəfərin 5 illik yubileyi münasibətilə "Qarabağ Azərbaycandır - Zəfərin sədası" adlı ədəbi-bədii tədbir keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, eləcə də MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra MDU-nun həyətində tələbələrin Zəfər Gününə həsr olunmuş rəsmlərdən ibarət sərgi nümayiş etdirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən olan 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun və müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində apardığı uzaqgörən siyasətin bu Zəfərin təməlini qoyduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərin müdrik ideyaları və milli ordunun yaradılması sahəsində atdığı mühüm addımlar sonrakı illərdə ölkəmizin hərbi və siyasi qüdrətinin əsasını formalaşdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının və müəyyən etdiyi inkişaf yolunun məntiqi nəticəsidir. Bu Qələbə Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və ordumuzun rəşadətinin təntənəsidir.
MDU-nun rektoru Anar Eminov Zəfər Gününün dövlətçilik tariximizə əbədi qürur və şərəf günü kimi həkk olunduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Vətən müharibəsində canını fəda edən şəhidlərimizin qəhrəmanlığı, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində torpaqlarımız işğaldan azad olunub. O, həmçinin MDU ailəsinin şəhid məzunları və müharibə iştirakçısı əməkdaşları ilə daim qürur duyduğunu, onların xatirəsinin universitetdə əziz tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov, şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva və şəhid məzun Əzəmi Hüseynovun bacısı İlahə Hüseynova da çıxış edərək, şəhidlərin xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını və onların fədakarlığının gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu söyləyiblər.
Sonra MDU-nun şəhid məzunlarına, müharibə iştirakçısı əməkdaşlarına və tələbələrinə həsr olunan “Son dərs: Vətən!” kitabının təqdimatı olub. Kitabın müəllifləri MDU-nun müəllimləri Aygün Qədirova və Səadət Ağakişiyeva, tələbələr Əfqan Məmmədov və Banu Abdullayevadır. Kitabın nüsxələri qonaqlara təqdim edilib.
Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik ruhunda şeirlər səsləndirib, musiqi nömrələri və rəqs kompozisiyaları ilə çıxış ediblər.