SİYASƏT
MDU-DA RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNMUŞ DİSKUSSİYA APARILMIŞDIR
Moskva, 19 may (AZƏRTAC). M.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) yanında Postsovet Məkanını Öyrənmə Mərkəzinin və “Vesti Kavkaza” informasiya-analitik portalının təşkilatçılığı ilə MDU-da “Rusiya-Azərbaycan: yeni imkanlar pəncərəsi” mövzusunda beynəlxalq elmi seminar keçirilmişdir.
Postsovet Məkanını Öyrənmə Mərkəzinin baş direktoru Aleksey Vlasov seminarı açaraq bildirmişdir ki, tədbir Azərbaycan Respublikasının diplomatik xidmətinin təsis edilməsinin 90-cı ildönümünə həsr olunmuşdur. Bu münasibətlə konfrans isə Azərbaycanın Rusiyadakı səfirliyinin köməyi ilə iyun ayında Moskvada, Rusiya Diplomatiya Akademiyasında keçiriləcəkdir. O qeyd etmişdir ki, Azərbaycan-Rusiya münasibətləri bu gün həm Azərbaycan cəmiyyətində Rusiyaya və rusiyalılara münasibət, həm də problem yaranmasına yol verməyən, lazım gəldikdə istənilən problemi mədəni şəkildə aradan qaldıran dövlət başçıları arasındakı birbaşa dostluq əlaqələri sayəsində möhkəm təmələ söykənir.
Strateji Mədəniyyət Fondu baş direktorunun müavini Andrey Areşev çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusuna toxunaraq vurğulamışdır ki, Ermənistan və Azərbaycan prezidentlərinin Praqa görüşündən sonra erməni tərəfi öz mövqeyini daha da sərtləşdirmiş, bu da Bakının diqqətindən yayınmamışdır. Politoloq əmindir ki, problemin güc yolu ilə həlli variantı heç bir tərəf üçün sərfəli deyildir, prinsipial irəliləyişlər isə münaqişənin yalnız vasitəçilərin fəallığı daxil olmaqla, siyasi mənada fəallaşdırmaq cəhdlərində müşahidə olunur.
REA-nın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi əməkdaşı Vladimir Yevseyevin fikrincə, Azərbaycan və onunla yaxşı münasibətlərin qorunub saxlanılması Rusiya üçün çox vacibdir. Lakin Rusiyanın digər maraqları da vardır, ona görə də tarazlaşdırılmış yanaşma lazımdır. Onun fikrincə, Rusiyanın bir çox sahələrdə Azərbaycanla münasibətləri yaxşı səviyyədədir, həm quruda, həm dənizdə ümumi sərhəd mövcuddur və qarşılıqlı maraq doğuran, o cümlədən bütün Qafqazda regional təhlükəsizliyin perspektivləri ilə bağlı xeyli məsələ vardır.
Strateji İnkişafı Modelləşdirmə Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk əmin olduğunu bildirmişdir ki, Azərbaycanla irimiqyaslı əməkdaşlıq üçün hazırda nadir imkanlar yaranmışdır və Rusiya bu imkanlardan yararlanmasa, ikinci belə şans olmaya da bilər. Onun fikrincə, ölkəsi Rusiya-Ermənistan-Azərbaycan üçbucağında öz mövqeyini müəyyənləşdirməsə, vəziyyəti müharibə həddinə sürükləyəcək və nəticədə bütün regionu itirəcəkdir.
Bütövlükdə tədbirə toplaşan ekspertlərin və politoloqların fikrincə, daha sıx inteqrasiya və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün hazırda geniş imkanlar yaranmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva