MƏDƏNİYYƏT
MDU-NUN AZƏRBAYCAN GƏNCLƏRİ ÖLKƏMİZİN MƏDƏNİYYƏTİNİ TƏQDİM ETMİŞLƏR
Moskva, 22 may (AZƏRTAC). MDU-nun Azərbaycan Gəncləri klubu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının dəstəyi ilə M.Lomonosov adına MDU-nun qlobal proseslər fakültəsinin təşkil etdiyi “Qlobalistika-2009” beynəlxalq elmi konqresi çərçivəsində Azərbaycan milli mədəniyyətini təqdim etmişdir.
Konqresin təntənəli açılışından sonra YUNESKO-nun elan etdiyi Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik günü münasibətilə konsert olmuşdur. Qlobal beynəlxalq problemlərə həsr olunmuş konqresin əsas mövzusu dialoq naminə mədəni müxtəliflik idi. Konsert proqramında MDU-nun Azərbaycan, Rusiya, Qazaxıstan və Ermənistan həmyerlilər birlikləri iştirak etmişlər.
Ölkəmizi 157 nömrəli məktəbin rəqs qrupu, gənc müğənni Sabir Əhmədov, nağaraçalan Rövşən və başqaları təmsil etmişlər.
Foyedə Azərbaycan Respublikasının stendi təşkil olunmuşdu. Stendin mərkəzində Azərbaycanın dövlət bayrağı və ümummilli lider Heydər Əliyevin portreti qoyulmuşdur. Azərbaycan guşəsini əl ilə toxunmuş xalçalar, xalq çalğı alətləri, nərdlər, ölkəmizdəki karbohidrogen yataqlarının fotoşəkilləri bəzəyirdi. Sərgidə milli mətbəximiz və üzərində Xəzər dənizi əks olunmuş xüsusi tort da təqdim olunmuşdur.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, ali məktəbin rəhbərliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri iştirak etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva