Mədəniyyət sahəsində könüllülük ordusu genişlənir
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Lənkəran Dövlət Universitetində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminarın təşkilində məqsəd mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, inteqrasiyası, müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Seminarı giriş sözü ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev açıb. Son illərdə Azərbaycanda keçirilən bir çox beynəlxalq mədəni tədbirlərdə və gündəlik fəaliyyətində gənclərin könüllü olaraq yaxından iştirak etdiyini deyən A.Usubəliyev ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə zəngin təcrübəyə malik böyük bir hərəkətə çevrildiyini müsbət hal kimi dəyərləndirib. Çıxışında universitet tələbələrinin və digər fəal gənclərin də gələcəkdə könüllülük fəaliyyətinə qoşulmasına dəvət edərək Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Mərkəzin elmi katibi Cavid Əliyev “Azərbaycanda könüllülük fəaliyyəti” adlı məruzəsində dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.
“Könüllülük beynəlxalq təcrübədə” adlı təqdimatla çıxış edən mərkəzin sektor müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.