Mehdiabadda narkotik satıcısı və istifadəçisi tutulub
Mehdiabad, 27 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun polis əməkdaşları Mehdiabad qəsəbəsində əməliyyat keçirərək narkotik satıcısı və istifadəçisini tutublar. Saxlanılan şəxsdən küllü miqdarda heroin götürülüb.
Abşeron rayon Mehdiabad Polis bölməsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə narkotik istifadəçisi Ariz Kərimov saxlanılıb. Onunla fərdi söhbət zamanı məlum olub ki, istifadə etdiyi heroini Digah qəsəbə sakini Rauf Cəfərovdan alıb.
Daha sonra məlumat əsasında R.Cəfərov tutulub və onun yaşadığı evə baxış keçirilib. Oradan ümumi çəkisi 1,121 qram heroin aşkar edilib.
Saxlanılan şəxs tutduğu cinayət əməlini etiraf edib. Maddi sübutlar öz təsdiqini tapıb və R.Cəfərov Mehdiabad Polis Bölməsinə gətirilərək istintaqa cəlb olunub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.