MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası haqqında təlimat layihəsi müzakirə edilmiş, qiymətləndirmə aparılarkən peşəkarlıqla yanaşı, yüksək insani keyfiyyətlər, o cümlədən mənəvi təmizlik, ədalətlilik və qərəzsizlik, insanlara qayğıkeş münasibət kimi meyarların əsas götürülməsi zərurəti xüsusi vurğulanmışdır.
İclasda, həmçinin dövlətimizin başçısının məhkəmələrdə icra və əmək intizamına ciddi əməl edilməsi, süründürməçilik hallarının aradan qaldırılması barədə tapşırıqlarının icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş məhkəmə monitorinqlərinin nəticələrinə baxılmışdır. Qeyd edilmişdir ki, ötən il keçirilmiş monitorinqin nəticələri üzrə aşkar edilmiş pozuntular hakimlərin iştirakı ilə Məhkəmə-Hüquq Şurasının iclasında geniş müzakirə olunmuş, yol verilmiş nöqsanlar onların nəzərinə çatdırılmışdır. Bununla belə, təkrar monitorinq nəticəsində bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, o cümlədən qanunun tələblərinə məhəl qoyulmayaraq işlərə xüsusi geyimdə olmadan, iclas zalında deyil, aşkarlıq prinsipini pozmaqla xidməti kabinetlərdə, süründürməçiliklə baxılması, habelə digər nöqsanlara yol verilməsi aşkar edilmişdir. Bu halların məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməklə haqlı narazılıqlara səbəb olması bildirilmişdir.
Bununla əlaqədar, habelə digər ciddi nöqsan və kobud qanun pozuntularına yol vermələri ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən 10 nəfər hakim barədə intizam icraatı başlanılmışdır.
Şurada hakimlər barədə əvvəllər başlanılmış intizam icraatlarına baxılaraq, fəaliyyətlərində qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hakimləri Azər Orucov və Həsən Əhmədov intizam məsuliyyətinə cəlb edilmiş, Apelyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının sədri Asif Allahverdiyev intizam məsuliyyətinə cəlb olunmaqla, fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmişdir. O, kollegiya sədri vəzifəsinin icrasından azad olunmuşdur.