MEK-də “Yadigarlar” silsiləsindən növbəti görüş
Bakı, 22 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yadigarlar” silsiləsindən keçirilən növbəti görüş Əməkdar incəsənət xadimi, nəğməkar şair-dramaturq İslam Səfərlinin 100 illiyinə həsr olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
MEK-in baş direktoru professor Məmməd Əliyev tədbirdə bildirib ki, kitabxana tərəfindən təşkil olunan “Yadigarlar” silsiləsindən növbəti görüş yaddaşlarda əbədi qalan, zəngin yaradıcılıq irsinə daim müraciət edilən nəğməkar şair-dramaturq İslam Səfərlinin 100 illiyi münasibətilə keçirilir. “İslam Səfərli qısa ömrünə böyük bir sənətkar irsini sığışdırıb. Şairin şeirlərinə bəstələnmiş mahnılar Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin qızıl fondunu təşkil edən əsərlər sırasında yer alır. “Ana”, “Yadıma düşdün”, “Nə vaxta qaldı”, “Aylı gecələr”, “Ay qaşı, gözü qara qız”, “Bir xumar baxışla”, “Qonaq gəl bizə”, “Bakı, sabahın xeyir!”, “Bir könül sındırmışam” kimi sözlərində axıcı və gözəlliklərlə dolu əbədiyaşar mahnılar şairin poetik nümunələri əsasında ərsəyə gəlib. MEK-in fondlarında XX əsrin Azərbaycan poeziyasının çox mühüm mərhələsində formalaşan şairin yaradıcılığından bəhs edən, elmi-nəzəri qiymət verilən tənqidi əsərlərdən ibarət nəşrlər var”, - deyə baş direktor vurğulayıb. MEK rəhbəri bugünkü görüşdə həmin kitablardan təşkil edilən sərgiyə də diqqət çəkib.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Qurban Bayramov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərlinin yaradıcılıq irsini müxtəlif aspektlərdən təhlil edib, Azərbaycanda Aşıq Ələsgərə poema yazan ilk şairin məhz İ.Səfərli olduğunu nəzərə çatdırıb.
Görüşdə şairin qızı Dilşad Səfərli ədəbi-bədii tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini bölüşüb.
Diskussiya şəraitində keçən görüşdə şairin öz ifasında səsləndirdiyi şeirlər dinlənilib, həmçinin İslam Səfərlinin həyatını əks etdirən video nümayiş olunub.