Məktəbəhazırlıq qruplarına qəbul üçün hansı sənədlər təqdim olunmalıdır
Bakı, 10 avqust, AZƏRTAC
2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi avqustun 10-dan www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideyn (qanuni nümayəndə) aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
- xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
- digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
- uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Xatırladaq ki, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.