Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlərə başlanılır
Bakı, 19 aprel, AZƏRTAC
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə başlanılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək növbəti təlimlər 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlər üçün nəzərdə tutulur. İlk təlim aprelin 27-də və mayın 1-dən 5-dək keçiriləcək.
İxtisasartırma təlimlərinin təşkil olunmasının əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqları aşılamaqdır.
Təlimlər zamanı müəllimlərə nəzəri biliklər veriləcək, onlarda praktik bacarıqlar formalaşdırılacaq.
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinin mərhələlərlə növbəti tədris ilinədək davam etdirilməsi nəzərdə tutulur.
Təlimləri uğurla başa vuran müəllimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.