Məktəblər arasında keçirilən respublika çempionatının zona yarışları davam edir
Bakı, 17 aprel, AZƏRTAC
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq İsmayıllı Olimpiya İdman Kompleksində atletika idman növü üzrə zona yarışı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışda I yeri Balakən rayonu Şərif kənd, II yeri Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı, III yeri İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəblərin komandaları tutub.
Qaliblər diplomlarla təltif olunub.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.
Daha bir zona yarışına şahmat idman növü üzrə Quba rayonundakı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində start verilib. Yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron və Qubadlı rayonlarının məktəb komandaları iştirak edir.