Məktəblilər üçün muzey həftəsinə start verilib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Azərbaycan Xalça Muzeyində “Multikulturalizm ili” çərçivəsində məktəblilər üçün muzey həftəsinin açılış mərasimi keçirilib. Artıq ikinci ildir təşkil edilən bu layihəni Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi birgə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bu ilin ölkəmizdə “Multikulturalizm ili” olduğunu və multikulturalizm siyasətinin dövlət səviyyəsində həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus insanlar dostluq, əmin-amanlıq şəraitində yaşayırlar. “Azərbaycan multikulturalizmi” fənni bir sıra xarici ölkələrin ali təhsil ocaqlarında tədris olunur. Multikulturalizm siyasətinin həyata keçirilməsində muzeylərin də böyük rolu olduğunu söyləyən Firudin Qurbanov bildirib ki, muzeylər mədəniyyətlə yanaşı, təhsillə də bağlıdır. Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, interaktiv ekskursiya zamanı müxtəlif milli, dini və mədəni irsə mənsub millətlər arasında qarşılıqlı münasibətləri öyrənmək, milli mənəvi dəyərlərə hörmətlə yanaşmaq ayrı-ayrı dövr və mədəniyyətləri əks etdirən eksponatlarla tanış olmaqdır.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva layihənin 18 may - Beynəlxalq Muzey Günü münasibətilə keçirildiyini vurğulayaraq bu əlamətdar gün barədə məlumat verib. Nəzərə çatdırıb ki, Beynəlxalq Muzeylər Şurası (İCOM) 2016-cı ilin həmin gününü “Muzeylər və mədəni landşaftlar” mövzusuna həsr edib. Sevda Məmmədəliyeva ölkəmizdə muzey sahəsində görülən işlər barədə danışaraq bildirib ki, 2009-cu ildən bu günə kimi 23 muzey açılıb, bir sıra muzeylərdə əsaslı yenidənqurma və təmir işləri aparılıb. Muzey işi sahəsində 15-dən çox sərəncam imzalanıb.
Muzeylər həftəsi barədə məlumat verən Sevda Məmmədəliyeva qeyd edib ki, proqramın məqsədi uşaq auditoriyasını muzeylərdə olan zəngin fond materialları ilə tanış etməkdir. Layihədə paytaxtın aparıcı muzeyləri ilə yanaşı, bölgə muzeyləri də iştirak edir. Beynəlxalq Muzey Günü münasibətilə mayın 18-dən 21-dək bütün muzeylərdə “açıq qapı” günü elan edilib.
Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev muzeylərin əhəmiyyətindən danışaraq bildirib ki, muzeylər keçmişimizin dərki, gələcəyimizə ötürülən miras, habelə tədris, mənəviyyat məkanıdır.
Məktəblilər üçün muzey həftəsi - “Muzeylər və multikulturalizm” proqramı mayın 18-dək Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Bu müddətdə məktəblilər ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olacaq, mədəniyyətlərin bir-birinə təsir və əlaqələrini öyrənəcəklər. Yeni proqram üçün Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və “Multikulturalizm ili” çərçivəsində mövzular seçilib.
Qeyd edək ki, ötən ilin proqramına əsasən 7 min məktəbli Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiya edib.
Tədbirin sonunda 2015-ci ildə keçirilmiş muzey həftəsində fəal iştirak edənlərə diplomlar təqdim edilib.