Məktəblilərdə ilkin yanğın təhlükəsizliyi bilikləri formalaşdırılır
Bakı, 27 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Abşeron Rayon Yanğından Mühafizə Hissəsində “Açıq qapı” günü tədbiri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, A.Müzəffərov adına 2 nömrəli tam orta ümumi təhsil məktəbinin şagirdləri və müəllimlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdən ibarət olub.
“Açıq qapı” günü tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.