“Məktəblinin dostu” layihəsinin hesabatı təqdim edilib
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Məktəblinin dostu” pilot layihəsi üzrə görülən işlərlə tanışlıq məqsədilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, “Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb.
Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
“Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunmasında, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edir.
Daha sonra layihənin rəhbəri Rüstəm Ağayev geniş təqdimatla çıxış edərək bu günə qədər görülən işlər barədə məlumat verib. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesindən, onlar üçün keçirilən təlimlərdən söz açıb. O, layihə çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş istiqamətlərindən, habelə “Yay məktəbi”nin məqsədlərindən danışıb.
Layihənin əhatə etdiyi məktəblərdə təhsil alan şagirdlərin valideynləri də “Məktəblinin dostu” barədə müsbət fikirlərini bildiriblər. Görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb.
Tədbirdə layihə çərçivəsində görülən işlərin əks olunduğu videoçarxlar nümayiş etdirilib.