Memarlıq və İnşaat Universitetinin tələbələri tullantıların idarə edilməsi barədə məlumatlandırılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələri üçün maarifləndirici seminar keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin ətraf mühəndisi Cahangir Məmmədzadə tərəfindən keçirilən seminar “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusuna həsr olunub.
Seminarda bərk məişət tullantılarının idarə edilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib. Həmçinin tələbələr tullantıların əmələgəlmə həcmlərinin azaldılması, təkrar istifadəsi, çeşidlənməsi, enerji qənaəti, resurslardan daha səmərəli istifadə haqqında məlumatlandırılıb. Şirkətin həyata keçirdiyi “Təmiz Qala”, “Balaxanı Sənaye Zavodu” və digər layihələrdən də bəhs olunub, tələbələrin sualları cavablandırılıb.