Mərakeşdə sərhədlərdə təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş konfrans keçiriləcəkdir
Bakı, 14 noyabr (AZƏRTAC). İTAR-TASS Agentliyinin yaydığı xəbərə görə, bu gün Mərakeşin paytaxtı Rabat şəhərində Sahil ölkələri ilə Ərəb Məğribi ölkələri arasında sərhədlərdə təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş ikinci regional konfrans keçiriləcəkdir.
Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyindən bildirmişlər ki, görüşdə Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Çad, Niger, Mali, Mavritaniya, Fransa, Portuqaliya, İspaniya, İtaliya, Malta, Böyük Britaniya və ABŞ-ın, habelə regional və beynəlxalq təşkilatların - BMT, Ərəb Məğribi İttifaqı, Ərəb Dövlətləri Liqası, NATO, Avropa İttifaqı, Qərbi Afrika Ölkələri iqtisadi Birliyi, İslam Əməkdaşlığı Təşkilatının və digər təşkilatların nümayəndələri iştirak edəcəklər.
Dünya Gömrük Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpol öz ekspertlərini Rabata göndərmişlər.
Tədbirin gündəliyinə Şimali Afrikada və Sahil-Böyük səhra zonasında sərhədlərin təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, terrorizmə, mütəşəkkil cinayətkarlığa, qeyri-leqal miqrasiyaya, silah və narkotik alverinə qarşı mübarizə ilə bağlı kompleks məsələlər daxildir.
Konfrans sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində ölkələr arasında daha fəal təcrübə mübadiləsinin həyata keçirilməsinə şərait yaratmaq məqsədi daşıyır.
Görüş iştirakçıları 2012-ci ilin martında Liviyada keçirilmiş birinci konfransın yekunlarına dair qəbul edilmiş “fəaliyyət planının” həyata keçirilməsinin səmərəliliyini də müzakirə edəcəklər.