Mərdəkan qəsəbəsində parkda abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılır
Bakı, 5 aprel, AZƏRTAC
Xəzər rayonunun Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, qəsəbənin mərkəzi küçəsi olan Sergey Yesenin küçəsində ümumi sahəsi 3550 kvadratmetr olan parkda yenidənqurma işlərinə başlanılıb. Əraziyə 5300 kubmetr münbit torpaq daşınıb, parkın ətrafındakı qəzalı vəziyyətdə olan divarlarda bərkidilmə işləri görülüb, divarlara üzlük daşların vurulub.
Sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri sökülərək yenidən qurulur. Hazırda qəsəbənin mərkəzi küçəsində yol kənarındakı hasarlara müasir üzlük daşlar vurulur, magistral yolun ətrafında yeni yaşıllıqlar salınır və mövcud yaşıllıq sahələrində mövsümi budama işləri aparılır.