Merkel və Tramp Ağ evdə nə barədə danışacaqlar?
Berlin, 27 aprel, AZƏRTAC
AFR kansleri Angela Merkel ilə ABŞ Prezidenti Donald Trampın bugünkü danışıqlarının gündəliyində Suriya, Şimali Koreya, İranın nüvə proqramı barədə saziş, Donbasda vəziyyət məsələləri ilə yanaşı transatlantik ticarət problemləri və Amerikanın Rusiyaya qarşı yeni sanksiyalarının rusiyalı tərəfdaşlarla kommersiya əlaqələri olan alman firmaları üçün mümkün mənfi nəticələri də müzakirə ediləcək. AZƏRTAC xəbər verir ki, Almaniyanın aparıcı KİV-lərinin və ekspert rəylərinin monitorinqi bu qənaətə gəlməyə əsas verir.
Berlində artıq, Avropa İttifaqı üçün polad və alüminium barədə Tramp tərəfindən tətbiq edilən və mayın 1-dək qüvvədə olan cərimə rüsumlarına moratoriumun müddətinin uzadılacağına ümid etmirlər. Buna görə də kanslerin müşavirləri ABŞ ilə gələcək ticari-iqtisadi danışıqlar üçün arqumentlər hazırlayırlar.
Onlar etiraf edirlər ki, Almaniya ilə ABŞ arasında ticarətdə həqiqətən uyğunsuzluq var. İkitərəfli ticarətin ümumi həcmi 170 milyard avro olduğu halda Amerikanın kəsiri təxminən 50 milyard avroya bərabərdir. ABŞ-da birbaşa Almaniya investisiyalarının məbləği də Almaniyada Amerika investisiyalarının məbləğindən xeyli çoxdur - 112 milyard avroya qarşı 270 milyard avro.
Lakin federal kanslerin idarəsində bildirirlər ki, Almaniya hökuməti bu vəziyyəti doğuran valyuta məzənnəsi, demoqrafiya, neftin qiymətləri, malların keyfiyyəti kimi səbəblərə təsir göstərmək iqtidarında deyil. Kanslerin yüksəkvəzifəli məsləhətçilərindən biri deyib: “Axı heç kəs amerikalıları məcbur etmir ki, onlar məhz alman avtomobilləri alsınlar. ABŞ-da bu avtomobilləri məcburiyyət üzündən deyil, ona görə alırlar ki, bunlar yaxşı avtomobildir”.
Berlində hesab edirlər ki, Avropa İttifaqında minik maşınlarının idxalı üçün rüsumların ABŞ-dakından yüksək (Aİ-də 10 faiz, ABŞ-da isə 3 faiz) olması barədə Trampın iradları da əsassızdır. Federala kanslerin idarəsində aparılmış hesablamalara görə, təkcə minik maşınları deyil, yük maşınları və ABŞ bazarının üçdəbir hissəsini təşkil edən yolsuzluq maşınları da nəzərə alınsa rüsumların nisbəti tamam fərqli olur - Aİ-də 4,3 faiz, ABŞ-da isə 3,1 faiz. Bütövlükdə sənaye malları üzrə rüsumlar Amerikada 1,6 faiz, Avropada isə 1,4 faiz təşkil edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin