CƏMİYYƏT
Mərkəzi Neftçilər Xəstəxanasında anadangəlmə ürək qüsuru olan uşaqlar üçün pulsuz aksiya keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında aztəminatlı ailələrin anadangəlmə ürək qüsuru olan uşaqları üçün pulsuz aksiya keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bir həftə davam edən aksiyada anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar pulsuz müayinə, müalicə və əməliyyat olunmuşlar. Xəstəxananın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri Rəşad Mahmudov bildirmişdir ki, Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə son illərdə vaxtaşırı “Uşaq həftəsi” proqramları həyata keçirilir. Budəfəki aksiyada yerli və xarici mütəxəssislərin iştirakı ilə 20-yə yaxın uşaq üzərində çox mürəkkəb əməliyyat sayıla biləcək anadangəlmə ürək qüsuru əməliyyatı aparılmışdır. Əməliyyatlara Azərbaycanda rezidentura təhsili alan gənc həkimlər və gənc mütəxəssislər cəlb olunmuşlar. Məqsəd isə onlara dünyadakı tibbi yenilikləri çatdıra bilmək və təcrübələrini artırmaqdır. Həftə ərzində aztəminatlı ailələrlə yanaşı, 60-dan çox anadangəlmə mürəkkəb ürək qüsurundan əziyyət çəkən uşaqların da müayinə və müalicələri təşkil olunmuşdur.
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə aztəminatlı ailələrin uşaqlarının əməliyyatlarının pulsuz təşkili uzun müddətdir davam edir. Son 6 ay ərzində ölkəmizin səhiyyə müəsisələrində anadangəlmə ürək qüsurundan əziyyət çəkən 200-ə yaxın uşaq üzərində açıq ürək əməliyyatları aparılmışdır.